Tip 2  şəkərli diabet bədəniniz kifayət qədər insulin yarada bilməyəndə və insulin yarandıqda onu səmərəli istifadə edə bilməyəndə meydana gələn xroniki haldır. Tip 2 diabetlə yaşayan insanlar insulin və qanda şəkər səviyəsini nəzarət altında saxlamaq üçün müalicə olunmalıdırlar.

İnsulin qanda qlükozanın miqdarına nəzarət edən mədəaltı vəzi tərəfindən ifraz olunan hormondur. Çox az miqdarda insulin bədənin yediyimiz qidalardan qlükozanı əldə edə bilməməsi deməkdir. Bu baş verəndə, qanda qlükozanın konsentrasiyası qalxır və vaxt getdikcə bu artmış səviyyələr qan damarlarını zədələyir və bədənin orqanları və sinirlərinə oksigenin və qidalandırıcı maddələrlə zəngin olan qanın təchizini azaldır.

Tip 2 diabetlə yaşayan insanlara orqanizmin qlükozanı daha yaxşı mənimsəməsinə kömək etmək üçün müalicə tələb oluna bilər. Bu uzunmüddətli ağırlaşmaların qarşısını almağa kömək edə bilər.

Hər gün biz tip 2 diabetlə yaşayan insanlar üçün müalicə seçimlərini təkmilləşdirmək üçün çalışırıq. Daha effektiv dərman vasitələrindən tutmuş onların qəbul edilmə üsullarına qədər biz hər bir amil üzərində araşdırmalar aparırıq.

Alimlərimiz sadə bir məqsədlə işləyirlər: xroniki xəstəliklərdə qarşılanmayan ehtiyacları müəyyənləşdirmək və bu ehtiyacları yeni müalicə həllinə çevirmək. Bu məqsədlərdən biri də tip 2 diabetin müalicəsində inyeksiyaların istifadəsini həblərlə əvəzləməkdir.

Bu məqsəd üzərində uzun illər çalışılmağına baxmayaraq, müalicə həllinin tapılmağı ilə bağlı çətinlik orqanizmin həzm sistemi ilə əlaqədar olmuşdur. İnsulin kimi bioloji dərmanlar ağız vasitəsilə daxilə qəbul edildiyi zaman, həzm fermentlər tərəfindən qida kimi parçalanır. Buna görə də, məqsədə çatmaq üçün bioloji dərmanların həzm sisteminə keçmədən qana keçməsinin bir yolunu tapmalı idik.

Bu yaxınlarda uğur qazanaraq göstərmişik ki, qlükaqona bənzər peptid-1 (GLP-1) hormonunun sintetik versiyası həb formasında qəbul oluna bilər. GLP-1 hormonu qida qəbuluna cavab olaraq təbii şəkildə bağırsaqdan ifraz olunur. İfraz olunduqda GLP-1 mədəaltı vəzidə insulinin sekresiyasını stimullaşdırır və bu da öz növbəsində qanda qlükozanın miqdarını aşağı salır.

Bu GLP-1 reseptor aqonisti ilə tip 2 diabetin dünyada ilk peroral müalicəsidir. Ümid edirik ki, uzun müddət keçmədən peroral müalicə növlərinin daha geniş seçimini təklif edə biləcəyik. Burada söhbət təkcə diabetdən yox, tədqiqat portfelimizdə olan  digər ciddi xroniki xəstəliklərdən də gedir.

Demək olar ki, 100 il ərzində biz insulinin yeridilməsi ilə bağlı yeni yolları kəşf etmişik. Bu bizim dərman preparatlarının təmin edilməsini mümkün qədər sadə və rahat etmək üçün üzərimizə götürdüyümüz öhdəlik sayəsində mümkün olmuşdur.

Başlanğıc nöqtəmiz, tip 2 diabetli insanların müalicə alarkən qarşılaşdıqları çətinlikləri başa düşmək, müalicəni daha təhlükəsiz və asan etməkdən ibarətdir.

Biz tədqiqatlarımızı antropologiyadan biokimya qədər elmi metodlardan, mühəndislik bacarıqlarımızdan və bütün digər təcrübələrimizdən istifadə edərək istiqamətləndiririk. 

Tip 2 diabetlə bağlı gördüyümüz tədbirlər çərçivəsində biz hal-hazırda aşağıdakı sahələr üzrə araşdırmalar aparırıq:

  • Qlükoza-asılı təsirə malik insulin
  • Rəqəmsal əlaqələndirinci cihazlar
  • Peroral anti-diabetik dərmanlar
  • Ürək-damar sisteminə fayda
  • Çəki azalması